F.Əmirov adına UMM

  • PDF

Fikrət  Əmirov adına Uşaq Musiqi Məktəbi

1991-ci ilin sentyabrından fəaliyyət göstərir. Ümumi sahəsi 700 kv.m-dir. 150 nəfərlik zalı, 40 sinif otağı şagirdlərin ixtiyarındadır. Hal-hazırda 632 nəfər şagird, 9 ixtisas üzrə : fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam  üzrə təhsil alır. Məktəbdə 225 nəfər müəllim şagirdlərə musiqi sənətinin  sirlərini öyrədir. Müəllimlərimizdən 38 nəfəri – ali (onlardan 27 nəfəri musiqi təhsilli, 11 nəfəri ali qeyri-ixtisas təhsillidirlər), 181 nəfər orta ixtisas təhsilli, 1 nəfər natamam orta ixtisas təhsilli, 5 nəfəri isə orta təhsillidirlər.

Məktəbimizdə vaxtaşırı Azərbaycan və Dünya bəstəkarlarının  yaradıcılığına həsr edilmiş gecələr, Milli Müstəqillik Günü, Konstitusiya Günü, Milli Dirçəliş Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Respublika Günü təntənəli şəkildə konsert proqramları ilə qeyd olunur. Həmçinin 8 Mart Beynəlxalq Qadınlar Bayramı, Milli Ordu Günü, “Novruz” bayramı və müəllimlərin Peşə bayramına həsr edilmiş konsert proqramlarının keçirilməsini  xüsusi qeyd etmək lazımdır.

Məktəbin şagird və müəllimlərindən ibarət Xalq Çalğı Alətləri orkestri, ansambl, Xalq Çalğı Alətləri şöbəsinin şagirdləri məktəbin şəhər və respublika miqyaslı tədbirlərində, konsertlərdə, müsabiqə və festivallarda məharətlə çıxış edirlər. Bir çox şagirdlərimiz müxtəlif festivallarda fərqlənərək diplomat və laureat adını qazanmışlar. Belə ki, şagirdlərimiz Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi festivalda, “Gənc istedadların Konsert Müsabiqəsi”ndə, Respublika Uşaq Muğam Festivalında iştirak etmişlər. “Lider” televiziyasının təşkil etdiyi “Gənc istedadların Konsert Müsabiqəsi”ndə, “İstedad” musiqi müsabiqəsində, “KAİNAT” Beynəlxalq Əməliyyat Mərkəzinin təşkil etdiyi Respublika Uşaq Muğam Festivalında, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə hər il keçirilən xor kollektivlərinin respublika baxışında iştirak etmişlər.

Ünvan: Sumqayıt şəhər 17-ci mik/r. İ.Qayıbov küçəsi 62.

Telefon: 656-68-38


Vasif Heydər oğlu Heydərov

29 dekabr 1963-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Mədəni-maarif işi fakultəsini bitirərək, özfəaliyyət kollektivinin rəhbəri ixtisasına yiyələnmişdir.

Mədəniyyət sahəsində pedaqoji fəaliyyətlə məşğul olan V. Heydərov 2003-2010-cu illərdə Ə.Bakıxanov adına Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində çalışmışdır.

2010-cu  ildən Fikrət  Əmirov adına Uşaq Musiqi Məktəbinin direktorudur.

2009-cu ildə Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm İdarəsi tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.