Poeziya

  • PDF

Əli Kərim adına Sumqayıt şəhər poeziya klubu

1990-cı ilə kimi şəhərin müxtəlif mədəniyyət evlərinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərmiş Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubu Sumqayıt şəhər Mədəniyyət şöbəsinin strukturunda ilk təyinatlı klub olaraq 1990-cı ilin Yanvar ayından fəaliyyətə başlamışdır. Klub yaradılarkən şəhərin 5-ci mikrorayonunda Səməd Vurğun və Cəfər Cabbarlı küçələrinin kəsişməsindəki beşmərtəbəli yaşayış binasının (Səməd Vurğun, 131) birinci mərtəbəsində 80 nəfərlik zalı, 4 kabineti və geniş foyesi olan yerlə təmin edilmişdir. Klub 1994-cü ilin avqust ayına kimi bu ünvanda fəaliyyət göstərmişdir. 1994-cü ilin avqust ayında həmin yer Sumqayıt şəhər İcra hakimiyyətinin Qərarı ilə Respublika Vergi Müfəttişliyinin Sumqayıt şəhər şöbəsinə verilmişdir. Həmin ilin sentyabr ayından Poeziya klubu 10-cu mikrorayonda yerləşən “Qarabağ” kino-teatrının binasına köçürülmüşdür. 1998-ci ilin fevral ayına kimi Poeziya klubu burada öz fəaliyyətini davam etdirmişdir. 1998-ci ildə N.Gəncəvi adına Uşaq-Kitabxana klubunun binasında müvafiq otaqlarla təmin edilən klubun otaqları az müddətdən sonra məcburi köçkünlər tərəfindən tutulduqdan sonra 2002-ci ilin oktyabr ayında şəhər icra hakimiyyəti başçısının göstərişi ilə Əli Kərim adına Poeziya klubu Sumqayıtın Tarixi Muzeyinin binasına köçürülmüşdür və hal-hazırda burada fəaliyyətini davam etdirir.

Əli Kərim adına Poeziya klubu yaradıldığı vaxtdan indiyədək işlərini öz fəaliyyət proqramına uyğun olaraq aparır. Klubun fəaliyyət proqramı əsasən aşağıdakı istiqamətlərdə qurulmuşdur:

1. Sumqayıt şəhər əhalisi arasında klassik və çağdaş bədii ədəbiyyatın geniş təbliğ olunması;

2. Sumqayıt şəhərində yaşayan və ədəbi yaradıcılıqla məşğul olan gənclərin yaradıcılıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi;

3. Poeziya klubunun üzvü olan şair və nasirlərin  yeni əsərlərinin respublikanın ədəbi orqanları olan qəzet və jurnallara təqdim olunması, kitablarının nəşrə hazırlanması, tərcümə işlərinin yerinə yetirilməsi;

4. Respublikanın digər bölgələrində fəaliyyət göstərən ədəbi qurumlarla ədəbi əlaqələrin qurulması.

Klub illik perspektiv iş planında və gündəlik fəaliyyətində ədəbiyyat sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin qərarlarını, Mədəniyyət və Turizm nazirinin sərəncamlarını, Sumqayıt şəhər İcra Hakimiyyətinin və şəhər Mədəniyyət və Turizm İdarəsinin göstərişlərini rəhbər tutur və bunlardan irəli gələn məsələlərin həllini təmin edir. Yubiley tədbirləri respublika və şəhər səviyyəsində keçirilməli olan yazıçı və şairlərin  yaradıcılıq gecələrini, bu yubileylərə həsr olunmuş ədəbi-bədii tədbirləri təşkil edir, şəhərin digər müəssisə və təşkilatlarına bu qəbildən olan tədbirlərin həyata keçirilməsində metodiki kömək göstərir.

Poeziya klubu Mədəniyyət və Turizm idarəsinin aidiyyatı strukturu olaraq ədəbi sahə ilə bağlı şəhər səviyyəsində keçirilən dövlət səviyyəsində keçirilən dövlət tədbirlərinin proqram və ssenarilərinin hazırlanmasında yaxından iştirak edir.

Klubun nəzdində sumqayıtlı gənclərin “Dəniz” ədəbi birliyi fəaliyyət göstərir. Hər həftənin şənbə günü Ədəbi birlik üzvlərinin məclisi keçirilir və bu ədəbi məclislərdə müzakirələrdən keçib, bəyənilən yazılar müxtəlif ədəbi orqanlarda və ədəbi almanaxlarda nəşr olunmaq üçün təqdim olunur.

Poeziya klubu sumqayıtlı yazarların Respublikanın müxtəlif radio və televiziyaları ilə çıxışlarını, onların  yeni nəşr olunmuş kitablarının təqdimat mərasimlərini və müzakirələrini təşkil edir, oxucularla kitab müəllifləri arasında əlaqələr yaradır.

Poeziya klubu Azərbaycanın tanınmış şair və yazıçılarını, filoloq-alimlərini Sumqayıta dəvət edir və bu məqsədlə hərbi-vətənpərvərlik mövzusunda yazılmış əsərləri məktəbli-gənclər və əsgərlər arasında təbliğ edir. Orta məktəblərdə və hərbi hissələrdə şair və yazıçılarla görüşlər keçirir.

Poeziya klubu şəhərin Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə sıx əlaqə saxlayır, müxtəlif nəşriyyatların və fəri qaydada müəlliflərin kitabxanalarımızın fondunun zənginləşməsində təmənnasız iştirak etmələrinə təşəbbüs göstərir və vasitəçilik edir.

Poeziya klubu ölkəmizin digər bölgələrində fəaliyyət göstərən ədəbi qurumlarla əlaqələr qurur, sumqayıtlı yazarların əsərlərinin həmin bölgələrdə yaşayan yazarların əsərlərinin sumqayıtlılar arasında təbliğ olunmasında bilavasitə iştirak edir.

 

Klubun müdiri – İbrahim İlyaslı (Hacıyev İbrahim Musa oğlu)

100_01071963-cü il mart ayının 10-da Qazax rayonunun İncə dərəsi obasının Aslanbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Aslanbəyli kənd orta məktəbini bitirərək, Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma” fakültəsinin axşam şöbəsinə daxil olmuş, həmin ildən Sumqayıt şəhər Elektrik şəbəkəsində əmək fəaliyyətinə başlamışdır. 1981-1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1984-cü ildən Bakı Minalı Qablar zavodunda əmək fəaliyyətini, İnstitutda isə təhsilini davam etdirmişdir. 1986-cı ildən 1990-cı ilə kimi Sumqayıt Alüminium zavodunda işləmiş, 1990-cı ildə mühəndis –mexanik ixtisası üzrə institutu bitirmişdir.

Ədəbi yaradıcılığa orta məktəb illərindən başlamış, “Bu bahar oldu” adlı ilk mətbu şeri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı  “Politexnik” qəzetində dərc edilmişdir. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrinin yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr seçilmiş və o vaxtdan fəaliyyətini bu şəhərin ədəbi mühiti ilə bağlamışdır. 1990-cı ildə Sumqayıt şəhər Əli Kərim adına “Poeziya” klubuna direktor təyin edilmiş, 1996-cı ildə isə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər şöbəsinin təsis konfransında şöbənin katibi seçilmişdir. 1992-ci ildə “Gənclik” nəşriyyatında çap olunmuş “Sahilsiz Dəniz” ədəbi almanaxını tərtib edərək, nəşrə hazırlamışdır. 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmiş və “Ağrıdağ” nəşriyyatında “Hamı bir körpüdən keçir”  adlı ilk şeirlər kitabı çap olunmuşdur.  “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə “Adiloğlu” nəşriyyatı tərəfindən nəşr edilmişdir. 2008-ci ildə “Qələm-Ofset” nəşriyyatında çap olunmuş dünya xalqlarının nağıllarından ibarət “Yüz sevimli nağıl” seriyalı 20 cildlik kitabı nəşrə  hazırlamış və həmin kitabların redaktoru olmuşdur. Şeirləri 2008-ci ildə Türkiyədə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antologiyasına daxil edilmişdir.

Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

2008-ci ildə “Bilgələr Gənzşi”nin qərarı ilə türk uduq Sub-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Mahmud Kaşğarlı adına Beynəlxalq fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülmüş və bilgə sanı endirilmişdir.

Hal-hazırda Sumqayıt şəhərində yaşayır. Ailəlidir. 2 övladı var.